• propaganda
20.03.2022

Rus təbliğatına xitabən

  • Praleski

Təbliğat yalnız ona görə güclüdür ki, biz zəifik və bir-birimizlə əlaqəmiz yoxdur. Mənbələri təhlil etməyi hələ də öyrənməmişik. Mənfəət yönümlü sosial media şəbəkələri getdikcə bizim əsas kommunikasiya kanallarımıza çevrilir. Onlar da, demək olar ki təcrid olunmuş hücrələr yaradaraq bizi bir-birimizdən uzaqlaşdırdığından horizontal məlumat mübadiləsi işinə yaramır. Ənənəvi media mərkəzləşdirilmiş və qərəzlidir, səsimizi yox edir və biz yeni media platformaları üzərində nəzarəti itirmişik. Ancaq bu reallığı dərk etsək, irəliyə doğru bir yolumuz ola bilər.

Biz bu ideoloqlara və ya faydalı idiotlara çox da qiymət verməməliyik; onlar insanları media-zombisinə çevirəcək qədər ağıllı deyillər. İnsanlar özlərindən zombi yaradırlar. Rusiyanın dövlət aktorları praktiki olaraq yeni ideyalar yarada bilmirlər. Xoşbəxtlikdən onlar üçün köhnə ideyalar məqsədlərinə çatmaq üçün kifayətdir.

Bu məqalə, təxminən son onillikdə xarici əlaqələr və xüsusən də Ukrayna mövzusunda ən çox təkrarlanan Rusiya təbliğat narrativlərinə toxunacaqdır.

“Mən həqiqətən nə baş verdiyini başa düşmürəm, ona görə də bu məsələlərə qarışmayacam”.

Ən azı 2014-cü ildən bəri Rusiya təbliğatının məqsədi istehlakçını birbaşa Rusiyaya dəstək verməyə inandırmaq niyyətini daşımırdı: bu, elə də asan məsələ deyil və belə bir məqsəd üçün universal narrativ yaratmaq çətindir.

Xəbərsiz və ya qərarsız olanları neytrallaşdırmaq daha asandır - bu cür qarmaqarışıqlıqda Rusiya hökumətinə sərf edən hekayələri irəli sürmək daha asandır. Buna görə də ətraf saxta xəbərlərlə doludur: nə qədər çılğın və daha emosional olsa, bir o qədər yaxşıdır, sabitliyi pozan xaos hissi yaradır. Bu aydınlığın olmaması real faktlarla total fantastika arasındakı sərhədləri qəsdən aradan qaldırır. Bu kontekstdə, bütün əlçatan məkanları botlardan tez bir zamanda təmizləməyə qadir olan aktorlar ən uğurludur.

“Nə etsəm də, fərqi yoxdur.”

Bu hiss hamımıza tanışdır. Çünki bizim reallıqlarımızı müəyyən qədər əks etdirir. Biz öz taleyimizə təsir edən qərar qəbul etmə proseslərindən uzaqlaşmışıq. Bunu tam həqiqət kimi qəbul etsək gərək heçnə etməyək. Bu dağıdıcı hissi aradan qaldırmaq üçün bir çoxları (xəyali olsa belə) özünə inam və güc qazanmaq üçün konspirasiya nəzəriyyələrinə müraciət edirlər. Bu proses hərəkətsizlikdən daha betər ola bilər, çünki bu nəzəriyyələr ilk növbədə sağçı dəyərlərini təbliğ edir, bizim və ətrafımızdakılar üçün seçim imkanlarını daraldır. Bu hissə həqiqətən cavab verməyin yeganə yolu taleyini öz əlinizə almaq, imkanların sərhədlərini sınamaq, səhvlər etmək, onlar üçün məsuliyyət götürmək və irəli getməkdir. Bu, şübhəsiz ki, daha əyləncəlidir və gücsüzlükdən dəli olmaqdan daha çox ümid verir.

Rusiya Qlobal Hegemonluğa və birqütblü dünyaya qarşı qütb kimi

Qütblü dünya anlayışı geniş mənada avrosentrizmdən qaynaqlanır. Tarixən Soyuq Müharibə və ikiqütblü sistem Şərqdən gələn təhlükəyə qarşı mübarizə ilə bağlı sadə və rahat qərb mədəniyyəti narrativləri idi. Buna görə də bu konsepsiya hələ də davam edir. Bununla belə, müasir Rusiya iqtisadiyyatda əhəmiyyətli qlobal oyunçu deyil. Rusiyanı məhv etmək üçün bomba lazım deyil: iqtisadi sanksiyalar kifayət edər. Rusiya artıq heç mədəni büt də deyil. Yenə də nostalgiya və ya keçmişdə ilişib qalan bəziləri onu ən böyük qlobal oyunçulardan biri kimi təsəvvür edirlər və bu təsvirlər kiminlə danışdığınızdan asılı olaraq müsbət və ya mənfi mənada dəyişir. Solçular Lenini, raket kosmik gəmiləri, Qaqarini və proletariatın hegemonluğunu görürlər; mühafizəkarlar Lenini Stalini, kosmik gəmiləri nüvə raketlərini və proletariatın kommunistlərin hegemonluğunu görürlər.

Rusiyanın özünün gələcək layihələri yoxdur. O, gələcəyə müsbət baxışdan daha çox xəyali parlaq keçmişinə güvənir, müxtəlif dövrlərdəki bəzi uğurları ilə xal yığır. Bu vəziyyət həm də bəzi mühafizəkarları cəlb edir, onlar Rusiyanı ənənənin sonuncu qalası kimi görürlər, necə ki, yüz ildən çox əvvəl sələfləri Şərqə orientalist nöqteyi-nəzərdən baxırdılar. Digər tərəfdən, Rusiya həm də anti-müstəmləkəçilik və irqçilik əleyhinə hərəkatların obyektivindən tutmuş, mühafizəkarlara həqiqi şəkildə qarşı çıxan bəziləri üçün cəlbedicidir.

Bu hərəkatların nəzəri əsasları müstəmləkəçilikdən sonrakı akademik tədqiqatların qurulması və periferiyada güclənən milli azadlıq hərəkatları ilə paralel formalaşmışdır. Hər ikisi əsaslandıqları kritik anlayışları marksizmdən götürmüşdür. Marksist ənənə daxilində müstəmləkəçilik əleyhinə yanaşmalar Sovet Rusiyasının beynəlxalq dəstəyə ehtiyacı olduğu 1920-ci illərdən sovet nəzəriyyəçilərinin işi ilə birbaşa bağlıdır. Sovet İttifaqı dünya beynəlmiləl inqilabı ideyasını inkişaf etdirir və bütün dünyada irqçilik və müstəmləkəçilik əleyhinə hərəkatları birbaşa dəstəkləyirdi. Düzdür, yalnız o dövrün mətnlərini, xüsusən də o dövrün Qərb akademik mətnləri ilə müqayisədə oxusanız, müasir Rusiyanın eyniylə Leninin Çar Rusiyasını təsvir etdiyi “xalqlar həbsxanası” ola biləcəyinə inanmaqda çətinlik çəkərdiniz.

Sovet və Rusiya imperiyalarının müstəmləkəçilik tarixi çoxlarının görmədiyi nöqtədir. Bu korluq SSRİ və Rusiyanın periferiyasında müstəmləkəçilik əleyhinə hərəkatların yalnız Qərbin dəstəklədiyi millətçi irticaçılardan ibarət olduğuna inanmağı asanlaşdırır. Rusiya özü haqqında diskurs təyin edə və idarə edə bilməsə də, Qərbdə qurulmuş rəvayətlərdən istifadə edə bilər. Effektiv rusiyayönlü hekayələr bilərəkdən hazırlanmır, sınaq və səhvlərin sayəsində ortaya çıxır. Qəribədir ki, Qərbin Rusiyaya qarşı yaratdığı və istifadə etdiyi çərçivələri bugün Rusiya öz müstəmləkə gücünü bərpa etmək və sabitləşdirmək üçün istifadə edir. Qərbin müstəmləkəçiliyinə fəal şəkildə qarşı çıxan insanlar məğlubiyyətin tarixindən xəbərsiz olduqları üçün sonda Rusiyanı dəstəkləyə bilərlər.

Qərb rusofobiyası

Əvvəla, rusofobiya termini Rusiya imperiyasında yəhudilərə qarşı repressiyalara haqq qazandırmaq üçün rus antisemitləri tərəfindən icad edilmişdir. Tarixi söhbətlərə dərindən varmadan etiraf etməliyik ki, slavyan əhalisini müstəmləkə edən Avstriya-Macarıstan və Almaniya kimi imperiyalar antislavyan adlandırıla biləcəyimiz bir ideoloji kompleksi formalaşdırmışdılar. Bu konsepsiya Alman Milli Sosializmi dövründə kulminasiya nöqtəsinə çatdı.

Nasistlər üçün ruslar slavyan olan hər şeyin mahiyyətini təmsil edirdi. Üçüncü Reyxin süqutundan sonra bu anti-Rusiya ideyaları qismən Qərb mühafizəkarlarının daha geniş anti-kommunist ideologiyasına inteqrasiya olundu. Onlar “rus” sözündən “kommunist” sözünün sinonimi kimi istifadə edirdilər və Sovet İmperiyasının bütün çoxmillətli əhalisi “rus” obrazına çevrilmişdi. 1950-80-ci illərin antikommunist obrazlarında gördüyünüz bu insanlıqdan kənarlaşdırılmış “Rus kommunisti” obrazını 19-cu əsrin oriyentallaşdırılmış vizualları ilə asanlıqla qarışdırmaq olar. Solçular üçün də rus obrazı onların ideallaşdırılmış kommunizmi ilə ciddi şəkildə bağlı idi. Onlar demək olar ki bir refleks olaraq rus kommunistlərinin müdafiəsinə qalxmağa vərdiş etmiş və onlara sorğu sualsız sovet imperializmini dəstəkləməyə imkan vermişdilər. Rusiya təbliğatı yeni heç nə uydurmur, Qərbin köhnə rəvayətlərini öz məqsədləri üçün istifadə edir. Ona görə onlar, rus hegemonluğuna qarşı istənilən mübarizəni rusofobiya adlandıracaqlar.

Rusiya antifaşizmi: Putin niyə “antifaşist” missiyasını müzakirə etməyə davam edir

“Faşizmi məğlub edən ölkədə” heç bir ciddi faşizm nəzəriyyəsi ortaya çıxmadı. Sadə sovet vətəndaşı üçün faşizm heç bir aydın mahiyyəti olmayan, sadəcə olaraq, şərin kvintessensiyasını ifadə edirdi. Termin Rusiyada Böyük Vətən Müharibəsi adlanan İkinci Dünya Müharibəsi ilə bağlı olsa da, “Böyük Vətən Müharibəsi” anlayışı “İkinci Dünya Müharibəsi” ilə tam olaraq eyni məna daşımır. Birinci Vətən Müharibəsi 19-cu əsrdə Napoleonla müharibə idi. Böyük Vətən Müharibəsi isə 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumu ilə başladı və Moskva vaxtı ilə 9 may 1945-ci ildə Almaniyanın kapitulyasiyası ilə rəsmi olaraq başa çatdı. Bu müharibənin Qərbin konseptuallaşdırmasından fərqi ondan ibarətdir ki, Rusiya kontekstində bu, 13-cü əsrdə tevtonlardan, 17-ci əsrdə Polşa qoşunlarına, Napoleona və Hitlerə Qərbin hücumlarının davamı kimi görünürdü. Sovet İttifaqı 1945-ci ilin may ayından sonra İkinci Dünya Müharibəsində iştirakını davam etdirəcək, Yaponiya ilə vuruşacaq, lakin bu, Böyük Vətən Müharibəsi ideyasına daxil edilməyəcəkdi.

Bu anlayış zamanla inkişaf edib və hadisələrin baş verdiyi vaxt elə də konkret olmayıb. Müharibə bitdikdən sonra nə qədər çox vaxt keçsə, milli mif üçün bir o qədər əhəmiyyət kəsb edirdi. İkinci Dünya Müharibəsinin əsas ikonoqrafiyası 70-ci illərdə sabitləşdi. 90-cı illərin sonlarında, xüsusən də Putinlə birlikdə 9 May Rusiyada əsas vətənpərvərlik hadisəsinə çevrildi. Rusiyada həqiqətən millət üçün bir növ birlik yaradan yalnız iki bayram var: Yeni il və Qələbə günü.

Qələbə xeyirlə şər arasında esxatoloji mübarizə ideyası ilə bağlıdır. Bu mübarizədə Seçilmiş Rus Milləti özünü qurban verir, dünyanı xilas edir, şəri məğlub edir, özünü qurban vermə prosesində təsdiqləyir. Fədakarlıq nə qədər böyükdürsə, qələbədə də bir o qədər böyük rol oynayır - buna görə də Sovet İttifaqı həmişə İkinci Dünya Müharibəsində ən çox qurban və dağıntıları öz üzərinə götürməyə çalışırdı. Rusiya bu fədakarlıq ritorikasından nasist Almaniyasının əsas məğlubiyyəti kimi iddiasını qanuniləşdirmək üçün istifadə etməyə davam edir. Qurbanların və dağıntıların əksəriyyətinin bugünkü müstəqil dövlətlər olan Belarus və Ukraynaya məxsus olduğunu nəzərə alsaq, bu, olduqca absurddur.

Hakim ideologiyaya görə, Vətən Müharibəsində qələbə qazanmağın əsas şərti rus millətinin birliyi idi. Lev Tolstoy üçün “Hərb və Sülh”də bu birlik vətən ideyaları və etika ideyaları ətrafında sıx birləşirdi. (Post) Stalin dövründə isə bu birliyi lider ideyası və Moskvaya sədaqət təmin edirdi.

Bu o deməkdir ki, şəxsən liderin özünə və ya ən azından Sovet İttifaqının kollektiv rəhbərliyinə sadiq olmayan hər kəs faşist hesab olunurdu. Sovet dövründə belə bir anlayış var idi ki, SSRİ böyük bir rus qardaşın rəhbərlik etdiyi xalqlar ailəsi olaraq faşizmi məğlub etdi (bu mətndə ilk növbədə “xalqlar” sözü etnik və irqi mənada rusların millət anlayışını ifadə etmək üçün istifadə olunur). Son onillikdə bu konsepsiya faşizmi yalnız etnik rusların məğlub etdiyi, bütün digər etniklərin əhəmiyyətsiz və ya dağıdıcı olduğu fikrinə doğru dəyişdi. Bu dəyişiklik Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin yazıları ilə bağlı idi.

Birləşmiş ruslar öz təbiətlərinə görə anti-faşist kimi görünürdülər. Praktiki olaraq bu o demək idi ki, lider faşizmin nə olub-olmadığını müəyyən edə bilər.

Buna görə də bu gün Putinin Ukraynada “hakimiyyətdə faşistlərin” olduğunu iddia etmək üçün heç bir sübuta ehtiyac yoxdur (O, tez-tez millətçilik sözünü faşizm və nasizmin sinonimi olaraq istifadə edir). Ukraynalı olmaq ideyasının özü ruslara qarşı xain faşist olmaq deməkdir. Putin üçün “Ukraynanın de-nazifikasiyası” ukraynalıları itaətə gətirmək deməkdir. Bu, konkret siyasətçilər və ya ideyalarla mübarizə deyil, geniş şəkildə başa düşülən müstəqilliyə qarşı mübarizədir. Bu məntiq o deməkdir ki, “kanonik rus ərazilərinin” hər hansı müstəqilliyi faşizmdir və gec-tez onunla mübarizə aparılmalı olacaq. Belə bir antifaşizm hər hansı bir dəyərdən və ya məzmundan tamamilə ayrılıb və mərkəzi Rusiya hökumətinin gördüyü istənilən hərəkətə haqq qazandırmaq üçün istifadə edilə bilər.

Ukraynanın azad edilməsi, faşistlərin məğlub edilməsi və ukraynalıların Rusiya Silahlı Qüvvələrini qarşılaması

Rusiyanın “millət” ideyası öz sərhədlərini müəyyən etmək üçün təkcə etnik özgələşmədən deyil (bu, bir çox millətçiliyə xasdır), həm də “korlanmış rus” ideyasından istifadə edir. Bu mənada “özgələr” ümumiyyətlə ağdərili sayılmayan insanlara, o cümlədən Qafqazdan, Orta Asiyadan və ya Rusiya sərhədləri daxilində başqa yerlərdən olan əhaliyə aiddir. Bununla belə, korlanmış rusların rolunu digər slavyan etnikləri, məsələn, ukraynalılar və ya digər etnik qruplar oynayır. Xüsusi nümunə olaraq, dövlət quruculuğu dövründə Rusiyada əsas mədəni istinadlardan biri olan ukraynalı general Mazepanın hekayəsinə baxmaq olar.

1930-cu illərin repressiyaları zamanı etnik deportasiyalar kütləvi xarakter almışdı. Müharibə zamanı da davam edən bu deportasiyalar həmin xalqları nasistlərlə əməkdaşlıq etməkdə ittiham etməklə buna haqq qazandırmağa başladılar. Sovet və daha sonra rus ideoloqları SSRİ-də müxtəlif etnik qruplardan ibarət müharibə zamanı nasistlər tərəfindən yaradılmış müttəfiq birliklərini vurğulamağı çox sevirlər. Bu xain-millətlər imajını yaratmağın məqsədi nasistlərlə işbirliyi quranların əksəriyyətinin ruslar olması faktını gözardı etməklə öz müstəmləkə siyasətlərinə və etnik repressiyalara haqq qazandırmaqdır.

Rusiya Ukrayna ərazisini tarixi Rusiya torpaqları kimi görür. Bu nöqteyi-nəzərdə, ukraynalılar, Tolkienin orkları və elfləri kimi Qərb tərəfindən seçilən və çirkləndirilən rus millətinin bir hissəsidir. Bu fikir həm də Ukrayna cəmiyyətinin “sağlam” hissəsinin Ukraynanın boyunduruğu altında (Qərb və faşistləri nəzərdə tutur) əziyyət çəkdiyini və rus millətinə qovuşmağa, rus dilində danışmağa, rus gücünün çəkmələrini öpməyə ac olduğunu da ortaya qoyur. Bu vacib ehtiyaclara qarşı yalnız faşistlər və Qərbin agentləri ola bilər. Bir çox rus əsgərləri və geniş ictimaiyyət həqiqətən inanır ki onları Ukraynada qurtuluşçular kimi qarşılayacaqlar. (bu mətni hazırladığımız müddətdə rus əsgərlərinin bunun həqiqət olmadığını başa düşdüşləri şoku əks etdirən xəbərlər gəlir). Krımın ilhaqı və 2014-cü ilin təbliğat uğurları o qədər böyük idi ki, hətta Kremlin özündə də buna inana bilərlər.

Hazırda ukraynalıların əksəriyyəti ümidsiz şəkildə özlərini müdafiə edir, öz ərazi müdafiə qüvvələrinə könüllü qoşulurlar. Rusiya işğalçı və ukraynalıların mövcudluğu üçün təkcə mücərrəd ifadələrlə (məsələn, onların bir millət kimi mövcudluğu kimi) deyil, konkret olaraq Rusiya hakimiyyətinə tabe olmayan şəxslər üçün təhlükə kimi qəbul edilir. Rusiya öz təbliğatında o qədər uzun müddətdir ki, “ukraynalıların” varlığını inkar edib ki, artıq artıq həqiqətən də ukraynalıların mövcudzusluğ fikrinə inanmağa başlayıblar. Bu həm də o deməkdir ki, adi ukraynalıların İkinci Dünya Müharibəsi zamanı nasistlərin törətdikləri eyni addımları Rusiyadan gözləməyə əsasları var. Ümid edirik ki, bu, nasist əməllərinin miqyasına çatmayacaq, lakin Putinin ritorikası hər gün daha da radikallaşır. Rusiyanın rəsmi dövlət media agentliyi olan Ria Novosti artıq “Ukrayna məsələsi”nə istinad edərək, “Putin tarixi məsuliyyəti öz üzərinə götürüb və Ukrayna məsələsinin həllini gələcək nəsillərin öhdəsinə buraxmamaq qərarına gəlib” ifadəsini işlədib. Həmin bəyanat ən azı əhalini tamamilə tabe etmək anlamına gəlir. Ukrayna prezidenti Zelenski son çıxışında qeyd edib ki, bütün hadisələr 1941-ci ilin yayını xatırladır. Rusiya tərəfində sosial şəbəkələr elə bu gözləntiləri əks etdirən bəyanatlar və videolarla doludur.

Ukraynada rusdillilər risk altındadır

Ukraynada rusdilli əhalinin sıxışdırılması deyilən məsələ birbaşa dilin müzakirəsi ilə bağlıdır. Hətta bütün bu illər ərzində davam edən münaqişəyə baxmayaraq əhalinin əksəriyyəti tək dilli deyil, ikidillidir. Rus və Ukrayna dilləri çox oxşardır və bir neçə ay ərzində rus dilində danışan biri üçün ukrayna dilini öyrənmək elə də böyük problem deyil. Ölkədə yaşayan, televizora baxan və ümumiyyətlə mediadan istifadə edən bir insan üçün bu dili öyrənməmək mümkünsüzdür. Əgər siz ukraynaca başa düşmürsünüzsə, bu, deməli siyasi bəyanatdır.

Digər tərəfdən, iqtisadi səbəblərə görə, Ukraynadakı mədəni məhsulların əksəriyyəti (kitablar, musiqi və kino) geniş Rusiya bazarına çıxış əldə etmək üçün əsasən rus dilində istehsal edilmişdir. Yəni Ukraynada rus dilinin təhlükə altında olduğunu görmək üçün heç bir səbəb yoxdur. “Ukrayna dili üçün” bir neçə qanunvericilik aktı var. Rəsmi media, dövlət bürokratiyası və təhsil daha çox Ukrayna dilindədir. Ancaq gündəlik həyatın heç bir aspekti rus dilinin istifadəsini məhdudlaşdırmaq baxımından heç vaxt tənzimlənməmişdir.

Bu dil məsələsi Ukraynadakı etnik ayrı-seçkilikdən danışmaq adına az-çox müzakirə edə biləcəyimiz yeganə mövzudur. Etnik ruslar və ukraynalılar arasındakı fərqi özünü identifikasiya etmədən söyləmək çətindir. Siyasətçilər davamlı olaraq regional fərqləri dilə bağlamağa çalışıblar. Bütün bu fərq insanlardan deyil, daha çox yuxarılardan gəlirdi. Hətta Azov alayının həqiqi nasistləri də rus dilindən ünsiyyət dili kimi istifadə ediblər. Zaman keçdikcə bu sual getdikcə daha çox kimlik məsələsinə çevrildi. Bir çox insan Ukrayna dilindən siyasi bəyanat kimi istifadə etməyə başlayıb. Bir çox siyasətçilər (Ukrayna və Rus) bu kimlik məsələsindən insanları sosial problemlərdən, korrupsiyadan və s. yayındırmaq üçün istifadə edib. Dərindən baxanda elə görünür ki, rusdillilərin sıxışdırılması məsələsi daha çox manipulyasiya xarakteri daşıyır və yerlərdəki reallıqla əlaqəsi yoxdur.

Ukrayna faşist dövləti kimi

Yuxarıda müzakirə edilənlərdən sonra Putin üçün faşist dövləti Rusiyanın özününkü kimi qəbul etdiyi ərazidəki istənilən vəfasız dövlətdir.

Əslində Ukrayna Rusiyadan qat-qat plüralist cəmiyyətdir. Parlamentdə siyasi təmsilçilik seçki məntiqinə uyğun olaraq zamanla dəyişir. Putin son çıxışlarında bunu sözün əsl mənasında uğursuz faşist dövlətinin əlaməti kimi göstərib. Radikal sağa bağlı siyasi partiyalar çox da uğurlu deyil. Sağ Cinahı gözardı etməmək gərəksə də, ümumi vəziyyət onların xeyrinə deyil. Ukraynaya hakimiyyətə nəzarət Rusiyadan fərqli olaraq bir çox aktorlar arasında səpələnib.

Görünən odur ki, Ukraynanın dövlət qurumları hətta müharibə zamanı belə etno-millətçi ritorikadan nadir hallarda istifadə edirlər. Zelenski (ən azı ritorik olaraq) Rusiya dövləti ilə rus xalqı arasında fərq qoymamağa çalışaraq və onların müharibəyə itaətsizliyini alovlandıracağına ümid edərək rus dilində ruslara xitab edən bəyanatlar verir.

Rusiya qabaqlayıcı tədbirlər görür, Ukrayna təhlükədir

Rusiya dövlətinin ritorikası onların 2008-ci ildə Gürcüstana müdaxiləsi zamanı istifadə etdikləri və “Sülhün təmin edilməsi” adlandırdıqları bəyanatla çox oxşardır. Ukrayna 2014-cü ildən müdafiəyə sahəsinə əhəmiyyətli sərmayə qoyub, lakin onlar istəsələr belə, heç vaxt Rusiyaya hücum etmək gücünə çata bilməyiblər. Qondarma Donbas Xalq Respublikaları əvvəldən Rusiya ordusu tərəfindən dəstəklənirdi. Onlara hücum Rusiyaya hücum demək olardı. Ukraynanın belə bir hücuma əl atacağını düşünmək məntiqli görünmür. Qərbin hərbi dəstəyi demək olar ki, əhəmiyyətli deyildi. Öldürücü silahlar isə yalnız bu yaxınlarda işğaldan bir neçə həftə əvvəl Rusiyanın işğala hazırlığına cavab olaraq Ukraynaya verildi və hətta bununla belə də bu çatdırılan silahlar yalnız müdafiə üçün faydalıdır. Donbasa ediləcəyi gözlənilən hücum reallıqdan çox sadəcə görüntü idi.

Rus ritorikası faktların yoxlanılması və ya araşdırmaya əsaslanmır, əksinə icad edilmiş və qurbanı günahlandıran tipik hekayələri izləməyə meyllidir. Ukraynanın nə etməyi seçməsinin heç bir əhəmiyyəti yox idi, hətta ən kiçik müqavimət göstərmək və ya suverenlik iddiası da Rusiya üçün təhlükə kimi şərh olunacaqdı. Müqavimət etmək üçün vasitələrə malik olmaq bu güman olunan təhlükənin şiddətini artırır. Hətta Rusiya ilə bərabərhüquqlu kimi danışmaq da aqressiya kimi qəbul edilir. Putin Ukrayna ilə bağlı qərarlarını təsvir edərkən zorlamaya açıq şəkildə istinad edən köhnə aforizmdən sitat gətirib: “İstəsəniz də, istəməsəniz də, dözməlisiniz”.

Rusiya və NATO arasında toqquşma kimi münaqişə

Daha əvvəl də qeyd edildiyi kimi, NATO-nun Ukraynada əhəmiyyətli bir mövcudluğu yoxdur. Demək olar ki, heç bir əsgəri, silahı və hərbi bazası yoxdur. İndi də tammiqyaslı işğal şəraitində onlar yalnız silah göndərirlər və açıq şəkildə Rusiya ilə hər hansı birbaşa qarşıdurmadan yayınırlar. Rusiyanın Ukrayna ərazisində hər hansı iddiasının olması fikrinin özü Rusiyanın indi kanonik əraziləri kimi gördüyü (və ya gələcəkdə görəcəyi) bütün ölkələri təhlükə altına qoyur. Bu təhlükə hissi NATO-nun özünün hər hansı hərəkətindən daha çox həmin ölkələri NATO-nun qucağına itələyir. Gürcüstana və hətta Finlandiyaya nəzər saldıqda, bu təhlükənin NATO-ya daxil olmaqla bağlı daxili müzakirələrə necə təsir etdiyini görə bilərsiniz. 2014-cü ildəki müharibə NATO üçün Milad hədiyyəsi oldu. O vaxta qədər Avropada kifayət qədər çətin günlər keçirən NATO 2014-cü ildən sonra dirçəldi.

Bu arqument adətən hər hansı siyasətin geosiyasətin alt hissəsi olması konsepsiyası ilə əlaqələndirilir. Bu fərziyyə qlobal səhnə üçün çox kiçik olan fərdlərin, cəmiyyətlərin və ya dövlətlərin səsini nəzərə almır. Bu təfəkkür həm də bütün fəaliyyətlərin bu və ya digər fövqəlgücdən qaynaqlandığı iddiya edən konspirasiya nəzəriyyəsinin bir növüdür. Bu həm də adətən tamaşaçının Böyük Qardaş kompleksinin ifadəsidir, bu nöqteyi-nəzərdən “bizsiz”-yəni yaxşı və ya pis qlobal aktyorlarsız heç nə baş verə bilməz. Bu yanaşma yerlərdəki faktiki təhlilin əvəzinə tanış izahlı modellərin istifadəsini nəzərdə tutur. Yerli perspektivlərdən yalnız Metropoll ekspert qurumlarının süzgəcindən keçəndən sonra istifadə edilə bilər.

Bu təhlil öz-özünə peyğəmbərliyə çevrilir. Yerlilərə və onların fəaliyyətlərinə və ya perspektivlərinə məhəl qoymamaq onları mediadan itirmək, dəstəkdən uzaqlaşmaq və indiki kimi böhran vəziyyətində sözün əsl mənasında məhv etmək deməkdir.

Hər İki imperializm eynidir

İstisnasız anti-hərbi mövqe ondan ibarətdir ki, iki imperiya gücləri bir-biri ilə vuruşanda tərəf tutmuruq. Bu mövqe əlverişlidir, lakin hal-hazırda baş verənlərlə uyğunlaşdır. Tamamilə aydındır ki, Rusiya böyük hərbi və iqtisadi gücü ilə keçmiş müstəmləkəsini tam nəzarəti altına almağa çalışır. Rusiya qlobal oyunçu olmaya bilər, amma tamamilə regional hegemondur. İdeoloji cəhətdən bu ölkələr indi tamamilə fərqlidir. Rusiya siyasi qara dəlikdir, onun qravitasiya sahəsinə düşən hər şey yox olur. Ukraynanın onsuz da işğal olunmuş bölgələrində siyasi həyatın tamamilə dayandırılmasından tutmuş, çatdıqları hər yerdə sağçı təmayüllərin dəstəkləyən Rusiya regionun ən güclü sağçı qüvvəsidir. Onlar, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada yerli nasistləri maliyyələşdirir, homofob qanunlar üçün lobbiçilik edir, ölkələri hərbiləşdirir, etnik münaqişələri dərinləşdirir, diktatorları dəstəkləyir, xalqların üsyanlarını sadəcə olaraq qanla yatırdırlar.

Burada iki imperializm yoxdur, sadəcə bir imperializm xalqa qarşıdır.

Öz tərəfinizi seçməlisiniz. Çox gec ola bilər, hətta oxuduğunuz an belə.